Sunday, 6 March 2016

Standartlaşdırılmışlar. (1ci hissə)



Uşaq olanda özümə sual verirdim ki, “niyə mən məhz bu ölkədə doğulmuşam?”. Ölkədən də əlavə, niyə məhz bu paytaxtın kəndlərinin birində?... İllər keçdikcə bunu daha aydın başa düşürdüm. Nə bu kəndin camaatı, nə də bu ölkənin insanlarına uyğunlaşa bilmədim. Çünki onların çoxunnun çoxu standartlaşdırılmışlarmış... Bu terminin açılışı yazım bitəndə aydın olacaq.

Filmlərdə zombilər kimi təsvir olunan qorxulu insanlar sən demə həqiqətən mövcud imişlər. Sadəcə onların zahiri görünüşü deyil, daxilləri o qədər qorxunc və iyrəncdi. Bunu insanların üzünə baxanda daxili dünyalarını görənnən sonra bilməyə başladım. Peşman oldum, kaş mən də kor insanlar kimi baxaydım. Kaş mən də insanların içindən keçirdikləri düşüncələri, hissləri bilməzdim. Təəssüf ki hamını gözlərinə baxanda anlayıram. Sözlə ifadə eliyə bilmirəm anladıqlarımı. Ataların misallarını sevməsəm də bəzən rəhmətliklər doğru sözlər də deyirlər. “İnsan dilinin altında gizlənib”. Həqiqətən də bu belədi. Ama mən bu cümləni belə deyərdim, “insan öz gözlərində gizlənib”. Göz kontaktından da məhz ona görə qaçıram. Çünki bu ölkənin insanlarının çox hissəsi çox bəsitdilər.

Bu bəsitlərin hər biri gözəgörünməz bir dəstənin ardınca gedir. Bəziləri etiraf edərək, bəziləri etməyərək. Bu bir cərəyana bənzəyir. Əsrlərlə forma almış cərəyan. Özünü inkişaf etmiş, müasir düşüncəli, dünya görüşlü sayan insanların belə çoxunun çoxu bu cərəyana avtomatik qoşulur və ardınca gedərək həyatında tətbiq eliyir. Cərəyan özü isə mən tərəfdən rəhmət aparmayacaq bir sürü “standartlaşdırılmışlar” tərəfindən yaradılıb ki daim insanların beyinlərinə uşaqlıqdan ötürülsün. Böyüdükcə də bu fikirlər beyində biraz da möhkəmlənsin deyə dəfələrlə xatırladılır, tətbiq edilir, misallar çəkilir. Və nəticədə eynitipli zombilər əmələ gəlir. Bu bir virusa bənzər ki qan vasitəsilə nəsildən nəsilə ötürülər. Həmin virus isə yazılmamış qanunlardı.

Bir insan beyni düşünün, bir də robot beyni. İnsan beyni əslində çox şeyə qadirdi ama onun sahibinə standartlaşdırılmışlar öyrədib ki sən ancaq robot beyni tək eyni cür düşünməli, eyni cür davranmalı, eyni doğrulara inanmalısan və biz nə yolla getmişiksə sən də o yolla getməlisən. Bu yol özü də cərəyanın başlanğıcı, dəstənin davam etmə mənbəyidi. İnsan beynini robot beyni kimi işlətməyi öyrədir uşaqlara valideynləri. Çünki öz növbəsində onların da valideynləri bu cür öyrədilmişdi.
İnsan yarananda ağ kağız kimi yaranır. Onun nə dini olur, nə milləti, nə sevgisi, nə də asılılığı. Son sözümü çoxları inkar edəcək bilirəm, “körpə anasından asılıdır” deyə. Əsla bu fikirlə razı deyiləm. Fiziki olaraq insan heç kimdən asılı deyil, əks halda körpə anadan olanda onun cifti kəsilməzdi. Elə asılı olaraq anadan qalardı və hara getsə nə etsə anasından asılı olardı. Mənəvi olaraq isə körpədə sadəcə instinkt olur. Anasını tanıma, süd yemə instinkti. Bu da onun sağ qalması üçün ona yaradılışdan verilən bir qüvvədi. Demirəm analar körpəyə lazım deyil. Ananın qəlbinə yaradan elə bir sevgi salır ki, o sevgi aciz bir körpənin əziyyətlərini çəkməyə tab gətirir. Ama bu əsla hər ikisinin bir birindən asılı yaşaması anlamına gəlməz. Osho-nun gözəl bir fikri var, sevgi ötürülür, geri istiqamətdə getmir. Anadan körpəyə, körpə böyüyüb övlad gətirəndə o da öz körpəsinə və beləcə ardıcıl olaraq bir birinə ötürülür. Bunun geri istiqamətini tələb etmək yox, yaratmaq lazımdı. Sevgini ana əvəzsiz verir, əziyyətlətini də əvəzin istəmədən çəkir, çünki öz arzusuyla çarəsiz bir varlığı dünyaya gətirib.

Mənim dünyaya gələndə seçimim yox idi. Ama məni seçərək dünyaya gətirdilər. Yəni atam anam övlad dünyaya gətirməyi seçdilər, ama mənnən soruşulmadı ki dünyaya gəlmək istəyirsən ya yox. Öz arzusu olaraq həyata keçirdikləri bir şeydə məni necə borclu çıxarda bilərlərki? Onu anlamıram. Ama ölkəmdə bütün uşaqların hamısının boynunda bir borc yüküylə gəzirlər. “Səni dünyaya gətirdik ki biz qocalanda bizə baxasan”. Yəni sənin seçimin yoxdu. Biz səni seçdik, gətirdik, necə istəyirik elə də yaşamalısan və sonda da bizə qulluq edərək ömrümüzü başa vurmalısan. Bu ifadədən eqoizm fışqırır ki, övladın heç nəyə haqqı yoxdu. Onun dünyaya gəlməmişdən artıq standart normalarına uyğun həyatı planlaşdırılıbmış, və övlad sadəcə bu cığırı robot kimi getməlidi. Bu övlad da böyüyəndə öz övladlarına eynən bu cür davranır, o da öz növbəsində digər nəslə ötürülür...

Bu ölkədə qız doğulmaq bir çox hallarda qul doğulmağa bərabərdi. “Qız nədi, fikir söyləmək nədi?”, “Gəlin mənim süpürgəmdi, hara qoysam orda da qalmalıdı”, “Anasına bax qızını al”, “Qızın başında turp da əkilsə ağzını açıb söz deməməlidi”, “Qız ər evinə ağ gəlinliklə girər, kəfənlə çıxar”, “Qız ağacı qoz ağacı hər gələn bir daş atar”, “Qız dediyin evdən bayıra çıxmaz”, “Yaxşı qız oğlana salam verməz”, “Qız deyil qızdırmadı”, “Qadınsan, susmalısan!”, “Qadın kişinin qabırğasınnan yaranıb deyə daim kişidən asılıdı”, “Ata qızı verdisə qızın ağzı nədi etiraz eləsin” və s. Bu kimi gülməli və cahilyanı dayaz və bir növ quldarlıq quruluşunda qullarla davranılan formada davranışlar təəssüf ki 21ci əsrdə də ölkəmdə davam etməkdədi. Məhz bu səbəbdən də biz heç vaxt inkişaf etmiş insanlar ola bilməyəcəyik! Allahın göydən endirdiyi heç bir ilahi kitabda qadınlar bu qədər alçaldılmır ki standartlaşdırılmış beyinlər qadını bu qədər aşağılayıb onları cəmiyyətdə daim kişilərdən əskik sayıb haqqlarını tapdalayırlar. Səmavi kitabların heç birində “Ey kişilər” deyə müraciət olunmayıb, heç bir ilahi yazıda “qadın süpürgədi, onunla istədiyiniz kimi rəftar edin” deyilməyib. O zaman siz kimsiz ki belə cümlələr qurasız ey kütbeyinlər?

Bilin ki insan dünyaya gələndə ona müstəqil ağıl, şüur və ruh verilir. Allah insanı yaradanda ona öz ruhundan üfürməyib ki yaratdıqlarını kimlərsə idarə eləsin. Hər bir insan Allahın ruhunun daşıyıcısı və sonda ruhu öz mənbəsinə qaytaranda özü hesab verəcək. Hər bir kəsin müstəqil seçim etmək haqqı var. Hər kəs dinini, ölkəsini, yaşayacağı evi, şəhəri özü seçə bilər. Kişili qadınlı, hər kəs öz xarici görünüşündə istədiyi dəyişikliyi etmək hüququ var. Başqasının bədəninə necə hakimlik eləmək olar axı? Sənin sahib olduğun və vəkillik eliyə biləcəyin bir bədən var, o da öz bədənin. Sən ancaq öz saçına, başına, geyiminə hakimlik eliyə bilərsən. Başqa insanın nə geydiyi, nə taxdığı, bədənində nə dəyişiklik elədiyi, saçını nə rəng elədiyinin sizə nə dəxli var axı ey standart beyinli varlıqlar? Onun bunun fikri ilə oturub durduğunuz qədər də yerinizdə sayacaqsız necə ki xərçəng kimi geri gedirsiz.
Özünüzə baxın ey yaşlı nəsil. Bədəninizin içi pis niyyətlərdən xəstəliklərlə doludu. Özümə sual verirdim daim ki “niyə xaricilərin yaşlı nəsli bu qədər gümrah, bu qədər pozitiv və cavan qalırlar?”. Cavab çox sadədir. Onların içində qurdlu niyyətlər, onun bunun qeybətini eləmək, başqalarının həyatını gündəmə çıxardıb müzakirə eləmək, paxıllıq çəkmək, pislik eləmək, ara vurmaq, qarğış etmək, cadu eləmək, lənətləmək, bəd dua yağdırmaq, biri qapıdan çıxan kimi dərhal onun qeybətini qırmaq kimi mənfurluq və iyrəncliklər yoxdu. İnsanı yaxşı niyyət sağlam və gümrah edər, qara niyyətlər içdən məhv edər. Bütün içinizdə saxladığınız hamısı zəhərli maddələrdi ki özünüzü məhv edir. Neqativ enerji gözlərinizdən fontan vurur. Bədən dözmür və bir bir orqanları vurub dağıdır. Ona görə aranızda bir dənə də olsun sağlamı yoxdu. Xaricdə yaşayanda,avtobusda, metroda gedərkən yaşlı nəslin söhbətlərinin qulaq şahidi olurdum. Hamısı deyib gülürdü, işdə, ailədə baş verən komik hadisələri yada salıb danışıb gülürdülər. Bir dəfə bizim nəqliyyat vasitələrimizdə gülən sima görmədim. Hamının sifətinnən yas tökülür, millət sanki içəridə zəhəri qurtum qurtum içir. Və bütün bunlara səbəb həyatlarına hakimlik edən standartlaşdırılmış qanunlardı. Səmavi kitabların birində yazıldığı kimi, “onlar da öz dədə babalarının dininə iman gətirirlər”. Bəli, bu insanlar da öz dədə babalarının yolunu gedirlər. Evin içində qeybət eşidilir, yazılmamış qanunlar dəfələrlə təkrar olunur. Hər hansı bir insanın təxəyyülündən yaranmış “Olmaz”lar konstitusiya maddələri kimi övladlara öyrədilir, qaydanı pozanı da valideyn cəzaları gözləyir. Alçaldılmaq, təhqirlər, emosional şantaj, valideyn borcu, övladçun elədiklərinin bir bir başa vurulması, hər hansı bir haqqından məhrum etmə və s. Yazmağa iyrəndiyim cəzalarla cəzalandırılmalar. Və övlad da məcbur olur bu cərəyanı davam eləsin. Şüuraltı elə birşeydir ki hər şeyi reyi real qəbul edir. Pis yaxşı, zaman məkan bilmir. Və insanın şüuraltısı proqramlaşdırıldısa qəbul elədiklərini doğru biləcək və buna daim robot beyni kimi əməl edəcək. Odurki standartlaşdırılmış beyinlər nəsildən nəsilə ötürülür.

Əlbəttə ki istisnalar da var. Ama çox az... Bu istisnalara da normal insan kimi bu cəmiyyətdə baxılmır. Onlar çıxıb ya başqa ölkəyə köçür, ya intihar eliyir, ya dəli olur, ya da normal insan beyinlərini nələrinsə xətrinə robot beyinlərə tabe edib qul həyatını sürməyə davam edirlər...
(Ardı var)


03 Mart 2016