Noyabr ayı ərzində nəhayət ki çoxdan istədiyim kitabları oxuya bildim. Kitabların hər birini instagram kitab səhifəmdə (@books.coffee.travel) ayrıca paylaşıb fikirlərimi bildirsəm də bu paylaşımda hər bir oxuduğum kitaba qısaca xülasə vermək istərdim.
1. Akilah Azra Kohen - "Fi"
2. Akilah Azra Kohen - "Çi"
- Fi seriyasının davamı olaraq Çi kitabında bir çox həqiqətlər daha qabarıq şəkildə göstərilmişdir və mənim şəxsən 1ci kitabdan çox bu kitabda yazılanlar yaddaşımda dərin iz buraxdı. Mənə çox suallar verirlər ki kitabların adları ilə içindəki mövzunun əlaqəsi nədir, cavabı deyim ki heç bir əlaqə yoxdur
Sadəcə əsərin 1-2 yerində bu adlara uyğun sözlər işlənmişdir məsələn Çi enerji bildirir və bəzi personajların bu enerjiylə dolub daşdığını kitabda bir neçə məqamda qeyd edilir. Məncə müəllif sadəcə diqqət cəlb eləmək üçün bu adlardan istifadə etmişdir və açıq etiraf edim ki məni də bu kitablarda ilk cəlb edən adları və kitabın rəngli dizaynı olmuşdur 
Bu kitabda da eyni mövzular davam edir və əsərin baş qəhrəmanı Can Manay Durunu əldə edəndən sonra balerina var dövlətin heç də xoşbəxtlik gətirmədiyini və bu cür manyak sevginin sadəcə qurbanı olduğunu görüb evdən qaçır və bundan sonra da baş verənlər Pi kitabında davam edir. Təbii ki mən burda bütün kitabdakı hadisələr haqqında yazmamışam və çox qısa və konkret olaraq mövzunu və mahiyyəti qeyd etdim ki oxumaq üçün başqa şeylər də qalsın əks halda mövzunu bilib oxumaqdan boyun qaçırırıq.
Noyabr ayında Pi kitabını əldə edə bilmədiyimdən dekabra saxladım və artıq Pi kitabını alıb qışın soyuqlarında oxumağa saxlamışam. Onu da deyim ki Fi kitabı 500, Çi kitabı 375, Pi kitabı isə 700 səhifədir.
3. Paulo Coelho "Maktub"
- Coelho yaradıcılığının oxucusu kimi bu kitabdan yan keçə bilməzdim. "İşıq savaşçısının kitabı"ndan sonra bu tipli növbəti kitabını oxuduğum yazıçı özü də "Ön söz"də qeyd etmişdi ki bu kitabı ərsəyə gətirəndə nə yazacağını heç dəqiq bilmirdi. Dünyanı gəzərək öz müəllimlərindən və həyat təcrübələrinə əsaslanaraq kiçik fraqmentlər və ya hekayələr toplusunu ərsəyə gətirib kitab şəklində oxuculara təqdim etmişdir. Kitabda həyata baxışa dair müxtəlif dini, psixoloji və fəlsəfi fikirlər yer alır. Mənim nöqteyi nəzərimdən baxdıqda öyrənmək üçün bir çox fikirlər özündə birləşdirən bu kitab həyatda bəzi addımları atmaqda insana kömək edə bilər.
4. Paulo Coelho "Rio Pyedranın sahilində oturdum və ağladım"
- Bu kitabı oxumaq yox hiss etmək lazımdı deyərdim. Əsərin baş qəhrəmanları olan Pilar və onun uşaqlıq dostunun arasında olan sevgiləri hələ kiçik yaşlarından qığılcımlanır lakin oğlan dünya səyahətinə çıxaraq şəhəri tərk edir. Amma bütün bu zaman ərzində Pilara daim məktublar yazır və 10 ildən sonra onlar görüşürlər və oğlanın rahib olma yolunu seçdiyini eşidəndən sonra sevgiləri əlçatmaz bir xəyala çevrilsə də onun uğrunda hər 2si mübarizə aparmağa başlayır. Əsərdə təkcə sevgidən deyil İlahi eşqdən geniş şəkildə bəhs edilir və Tanrı, din, yaradılış, məqsəd və insan arasındakı əlaqə geniş şəkildə və qəlbə yayılan sözlərlə izah olunur. Kitabı çox sevdim və yenidən oxumağı düşünürəm.
5. Richard Bach "Conatan Livingston adlı Qağayı" -
Mən bu kitabı sadəcə sevdim! 1 neçə saat ərzində oxuyub bitridiyim səhifələrin hər birində altından xətt çəkdiyim cümlələrin sayı bitmək bilmir. Bir insan bənzətməni bu qədər gözəl edə bilərmiş! Müasir insanların taleləri qağayılara bənzədilib çünki insanlar da onlara verilmiş bir çox qabiliyyətləri görməzdən gəlir və həyatlarını məhdudlaşdıraraq heç bir məqsədə qulluq etmədən sadəcə yemək üçün qazanıb və adi həyat tərzi ilə yaşayırlar. Bu normalara sığmayan Conatan Livinqston uçmağın daha dərin sirrlərinə yiyələnmək üçün hərgün məşq edir və digər qağayılardan fərqli olaraq çox yüksək sürətlə uçmağa başlayır və bunu görən dəstə onu limitlərdən kənara çıxdığı üçün dəstədən qovur və bununla da Conatanın həyatı tamamilə dəyişir. Əlbəttə ki povest alleqorik xarakter daşıyır və qağayıların timsalında insanlar, dinlər, inanclar, arzular və insanın fikir gücü haqqında müxtəlif fəlsəfi fikirlər yer alır. Bu kitab müəllifin oxuduğum 2ci kitabdır ilk dəfə isə Londonda oxuyarkən onun "Illusions" (Illuziyalar) kitabını oxumuşdum və həmin kitab da eyni mövzuları əhatə edirdi. Bir sözlə Richard Bach da Coelho kimi favoritimə çevrildi 

