Salam olsun oxuyan hər bir kəsə! Uzun zamandır bloq yazmırdım. Əslində yazırdım amma burda paylaşmırdım, çünki ona da öz səbəblərim var :) Nəyi saxlasam da oxumağı saxlaya bilmədiyim kimi yazmağı da saxlaya bilmərəm heç vaxt. Daha çox instagram səhifəsində haqqında paylaşdığım kitablardan bugün bəzilərini seçib xanımlarımıza təqdim eləmək istəyirəm. Sözsüz ki, qadınlara həsr olunmuş həddən çox kitab var. Burda seçib adını qeyd elədiyim 10 kitab mənim şəxsən qadınlara tövsiyyəmdi. Hər birini oxuduğum üçün belə qənaətə gəldim ki, bunları tək mən yox, zənnimcə bütün qadınlar oxuyub yararlanmalıdır. Odur ki, siyahını sizə təqdim edirəm. Oxuyub faydalansanız, nə xoş mənə :)
1.
Qadınların kitabı - OSHO
Kitabın adı oxucunu çaşdıra bilər.
Ancaq bu, yalnız qadınlar üçün nəzərdə tutulan kitab deyil. İstənilən oxucu əsərdə
özünü, dünyasını, onu maraqlandıran sualların cavabını tapa bilər.
Bu kitab böyük hind filosofu Oshonun mühazirələri əsasında hazırlanıb. Cinslərarası
münasibətlərin – məişətdən siyasətə qədər, bütün çalarlarını fundamental şəkildə
izah edərək problemdən çıxış yollarını göstərib. Oshonun zəngin və maraqlı fikirlərindən, verdiyi örnəklərdən, elmi və mədəni
biliklərindən ibarət bu kitab hər bir qadına müəyyən yollar göstərir. “Qadınların kitabı” insanlar və cinslərarası münasibətləri dünya
siyasəti səviyyəsində çözür və elmi uğurların üstünlüyünü insanlığı aparıb
çıxardığı böhrana qədər təhlil edərək, bu mövzuda detallı şəkildə oxucuya
informasiya və düşünmək üçün imkanlar verir.
2.
Fəallıqdan
qorxma – Sheryl Sandberg

3.
Qadın
psixologiyası (Kadın Psikolojisi) - Prof.
Dr. Nevzat Tarhan
Kitab aşağıdakı mövzuları geniş əhatə edir:
- · Psixoloji fərqliliklərin analizi;
- · Qadın, kişi münasibətləri;
- · Qadınlara xas ruhsal məsələlər;
- · Qadınların bəyənilmə duyğusu;
- · Ev xanımlığı bir kabusmudur?;
- · Feminizmin evlilik üzərində təsirləri;
- · Tərkedilmə qorxusu;
- · Analıq psixologiyası;
- · Şiddət görən qadınların rahatsızlıqları;
- · Moda və qadın;
- · Qadın və iş;
- · Qadınların dinə meyli; və s.
4.
Min Möhtəşəm
Günəş – Xalid Hüseyni

“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu
qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.
5.
EŞQ –
Elif Şafak
Mövlana və Təbrizinin həyatına əsaslanan gözəl bir eşq əsəri. Qərbli qadının oxuduğu kitabdan gözünün qarşısında gətirdiyi bu əsrarəngiz eşq nümunəsindən ilham alaraq həyatını dəyişməsi, bir çox qadınlara güc və iradə mənbəyi ola bilər.
“Aşk”- kitab içində kitab, həyatın mənası axtarışında bir eşq macərası…
“Aşk “ Elif Şafakdan axtarışa, gerçəyə və kəşf etməyə dair bir roman..
6.
Yad
qadına məktublar – Andre Morua
«Yad qadına məktublar» – insan qəlbinin
mahir bilicisi adlandırılan görkəmli fransız yazıçısı Andre Moruanın
(1885–1967) xüsusi janrda qələmə alınmış ən yaxşı əsəri, ədəbiyyat mütəxəssislərinin
yekdil fikrincə, tayı-bərabəri olmayan sənət incisi sayılır.
Bioqrafik romanlarından fərqli
olaraq, ümumilikdə 56 essedən ibarət olan bu məktubları böyük sənətkarın «bəşər
övladına səmimi ürək sözləri», yaxud «gələcək nəsillərə tövsiyələri» kimi də dəyərləndirmək
mümkündür.
7.
Səhra
çiçəyi – Varis Dirie
Varis Dirie onu dünyalarca məşhur
edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat
hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə,
addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən
necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə
boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli
bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında
boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün
Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur
model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir –
beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın
dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı
andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də
bu mübarizənin bir formasıdır. Tezliklə bestsellerə çevrilən əsəri
ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən
qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.
8.
Stressə
qarşı peyvənd – Valeri Sinelnikov
Nəzərə alsaq ki, evin yükü çox
vaxt qadınların çiyninə düşür və üstəlik qadın həm də işləyirsə, o zaman onlar
üçün stress qaçılmazdır. Nəyinki qadınlar, hər bir stressdən əziyyət çəkən
insan bu kitabda sakitlik tapacaqdır.
V.Sinelnikov – tanınmış və təcrübəli
psixoterapevt, psixoloq, sadəliyi və müalicəvi effektliliyinə görə minlərlə
adama sağlamlığını qaytarmağa, rifahını yüksəltməyə, həyat sevincini dərk etməyə
kömək edən unikal psixoloji metodikaların müəllifidir. Onun kitablarından hələ
lazımınca ifadəsini tapmamış, instinktiv gücünüzdən qüvvə və enerji toplamaq,
öz problemlərinizdən baş çıxarmaq, stress və xəstəliyin nə olduğunu birdəfəlik
unutmaq üçün necə istifadə etməyi öyrənəcəksiniz. Kitab müalicəvi gücə malikdir
və onun pozitiv təsiri onu əlinizə götürdüyünüz andan başlayır.
9.
Xoşbəxt
insanlar kitab oxuyar və kofe içər (Счастливые люди читают книжки и пьют
кофе) - Agnès Martin-Lugand
Oğlunu və qızını avtomobil qəzasında
itirən Diana, həyata marağını tamamilə itirir. Parijdəki həyatı ona ailəsini
itirəndən sonra sıxıcı və ağrılı gəldiyinə görə İrlandiyanın şimalına köçür.
Kitab onun sonrakı həyatında baş verənlərdən bəhs edir. Bir qadının gücdən düşməməsi
və həyatında ən əzizlərini itirəndən sonra yaşamağa davam etməyə yenidən güc
tapmaqdan bəhs edir.
10. KİŞİLƏR Marsdan, QADINLAR
Veneradandır – John Gray
Bəzən kişi və qadınların sevgi
münasibətlərində fikir ayrılığı, lazımsız dava-dalaş və mübahisələr yaranır. Bu
da çox vaxt səbəbsiz ayrılıqlara səbəb olur. Bu kitab münasibətlər arasındakı gərginliyin
səbəbini izah edir.
Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda sizə yol göstərən praktik bələdçidir. Həyatınızı sevgiylə doldurmaq, xoşbəxt olmaq sizin də haqqınızdır! Sevgi ecazkardır və fərqlərinizi xatırladığınız halda həyatınıza rəng qatmaqda davam edəcək.
Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda sizə yol göstərən praktik bələdçidir. Həyatınızı sevgiylə doldurmaq, xoşbəxt olmaq sizin də haqqınızdır! Sevgi ecazkardır və fərqlərinizi xatırladığınız halda həyatınıza rəng qatmaqda davam edəcək.
Hər kəsə xoş mütaliələr :)
Sevgilərlə: Fidan H.
15. Noyabr. 2017