Friday, 12 August 2016

Ölməzdən öncə (etməli olduqlarım).



3 gün əvvəl endirimdə olduğu üçün bu kitabı aldım. Düzü bu tip nə filmləri nə də kitabları sevmirəm, ama kitabın təsvirində “arzularını həyata keçirmək üçün əlindən gələni edən 16 yaşlı qızın hekayəsi” yazılmışdı. Kitab haqqında verilən rəylər də “Daily Express” və “Guardian” kimi böyük yerlərdən idi deyə tərəddüd etmədən kitab üçün şəhər yollandım. Ama kitabın ilk səhiflərini oxumağa başlayanda məyus oldum. 16 yaşında qız xərçəng diaqnozu ilə həyatının sonuna sayılı günlər qalıb deyə arzularının siyahısın tutub və onları bir bir həyata keçirmək üçün səy göstərir. Kitabı rus dilində oxuduğumdan daha axıcı gəldi və özümü məcbur edib oxudum. Oxumağıma da heç qəti peşman olmadım. Bu tip kitablardan biri də John Green-in “The fault in our Stars” (Виноваты звезды – Eyni ulduzun altında) əsəridir ki filmi dünyaya çox böyük səs küy saldı. Onu oxumadım, filminə də heç baxmadım çünki heç bu tip mövzular mənim tipim deyil.  Ama bu oxuduğum “Before I die” (Пока я жива) kitabı həqiqətən mənim yaddaşıma dərin izlər buraxdı. Kitabda yazıçının bəzi cümlələri insanın içini titrədən səviyyədə səmimi idi və hətta təəccübləndim ki bir qadın özü düçar olmadığı bir xəstəliyi necə bu qədər aydınlıqla 16 yaşlı yeniyetmənin dilindən təsvir edə bilərmiş..

Kitabı 3 günə bitirdim təbii ki paralel motivasiya kitabı oxumasaydım daha tez də bitirərdim. Və bu oxuduğum möhtəşəm əsər mənim bəzi fikirlərimə böyük aydınlıq  gətirdi.

Bundan öncəki bloqumda bildirdiyim kimi xoşbəxt olmağı arzulamaq yox elə anındaca xoşbəxt olmağı bacarmaq lazımdı. Bizim malik olduğumuz hər bir şey bizə adi gəlir. Elə bilirik bu belə yaranıb və belə də olmalıdı. Halbuki bizdə olan şeylər bir çoxunun arzusudur. Məsələn götürək elə sağlamlığı. Gözəl bir kəlam varki insan sağlamlığın qədrini yalnız xəstələnəndən sonra bilir. Bu kitab da məhz bu cümlənin üzərində qurulmuş bir əsərdi. Düzü mən onu oxumamışdan artıq anında xoşbəxt olmağı bacarmışdım, indi isə artıq içdiyim hər qurtum suya görə də Yaradana təşəkkür etmək istəyirəm. Əlimizdə olanlarla bugün və burada sevinməyi və xoşbəxt olmağı bacarmalıyıq. Çatışmamazlıqlar hər zaman olacaq çünki 100%lik ideal həyat mövcud deyil. Amma əsas olmayanlara görə heyfslənərək yox, olanlarımıza şükr etməklə yaşamağımızdır. Düzdür, olanlara qane olub oturmaq da düzgün deyil əgər Yaradan sənə daha çoxunu əldə etmək potensialını veribsə (və təbii ki tənbəllik olmasa bu potensial hər bir insanda var) insan daha yaxşılarını da həyatına qatmağı bacarmalıdır və arzularının ardıyca getməlidir. Amma bəzən insan malik olduqlarını unudaraq daim malik olmadıqlarının həsrətiylə yaşayır və bu həsrət insanı xoşbəxtlik hissindən məhrum edir.

Mən uşaq olandan səmanı çox sevirəm və demək olar ki daim göyə baxanda yeri unuduram. Həmişə qalaktikanın şəkillərinə böyük acgözlüklə baxıram və kainat ilə bağlı hər bir xırda məqamla maraqlanır və həvəslə kainat haqqında informasiyanı süngər kimi özümə çəkirəm. Həqiqətən səmaya baxıb insan xoşbəxt ola bilir. Ən azından Yaradan səni sayıb bu ucu bucağı olmayan böyük Kainatda yaratdığına görə özünü hələ də yaranmayanların arasında seçilmiş hiss edir və Yaradanına təşəkkür edirsən. Səma özü böyük bir möcüzədi. Təsəvvürünüzə gətirin ki 149.6 million km məsafə bizdən uzaq olan günəş ən hündürü təxminən 6000 metr olan buludların arxasından görünəndə necə əsrarəngiz mənzərələr yaranır. Bunu duymaq özü bir gözəllikdi, zövqdü! Yer kürəsi öz oxundan 1 mm kənara çıxarsa tamamilə buz bağlar və ya 1 mm günəşə tərəf gedərsə od tutub alışar. Və bu möcüzəyə görə həqiqətən şükr etməliyik və hər yeni günü Yaradanın bizə boşuna vermədiyi üçün onu dəyərləndirməliyik.

Və hər verilən günün içində milyonlarla bu cür gözəl məqamlar var ki biz onları qaçırırıq. Amma xəstə insanlar, və ya ömürlərinin bitəcəklərini bilənlər bu xırda məqamlara daha həssas yanaşır və onlardan maximum zövq almağa çalışır. Maraqlıdır ki bu onları xoşbəxt edir və sanki bu gözəlliklərdən ayrılmaq istəmirlər.. Bəs niyə sağlam insan bunları görsə də xoşbəxt ola bilmir? Çünki insan elə bilir o elə əbədiyən belə yaşayacaq.. Öləcəyini bilir ama buna sanki inanmır, təsəvvür eləməkdən qorxur və sanki bu qorxuyla ölüm də ondan uzaqlaşır. Amma ölümü xatırlamaq hər günündən zövq almaq üçün çox gözəl bir vasitədi. Hər bir şey bir sonu olduğu üçün elə maraqlıdı.
Mən onun da tərəfdarı deyiləm ki insan hər gün ölümünü düşünərək yaşasın, yox, əsla. Ən azından insan malik olduqlarıyla elə anındaca xoşbəxt olub zövq almalıdı və hər zaman Yaradanına minnətdar olmalıdı. Ən pis halda belə yenə malik olduğu yaxşı şeyləri xatırlayıb Yaradanına şükr etməlidi. Məsələn, qanın analizi yaxşı çıxmayıbsa o hələ də 2 ayağı üstə yeriyə bildiyi, görə və eşidə bildiyi üçün şükr etməlidi. Şikayətcil insan əlbəttə ki heç vaxt heç nəyə qane olmayacaq və ömür boyu da elə hər bir şeyə neqativ yanaşaraq özü özünü içdən yeyib bitirəcək.

Biz bəzən xırda şeyləri problem edirik. Yaxınlarımızın qəlbini qırırıq. Elə bilirik ki əbədi yaşayacağıq və hələ vaxtımız olacaq ki könüllərini alaq. Və bəzən yaşlı nəsil cavanlara sanki paxıllıq edərək “sən cavansan, hələ gələcəyin qabaqdadı, bizim isə üzümüz o tərəfədi” deyərək emosional şantaj da edirlər. Ama heç kim ölümdən sığortalanmayıb və heç kəs əminliklə deyə bilməz ki sən məndən çox yaşayacaqsan. Rəhmətlik nənəmin bir sözü var idi “o qədər ağac qala qala cavan budaqları sınır ki”...
Bunu yazmaqda məqsədim insanları qorxutmaq deyil, əskinə həyatdan var gücləri ilə zövq almağa çağırmaqdı. İnsanlar gündə 9 saat işləyirlər sanki əbədiyyən yaşayacaqları həyat üçün tədarük yığırlar. İl ərzinə 12 ay işləyib cəmi 1 ay məzuniyyət götürərək dincəlirlər sanki əbədiyyən o bir ayları yığanda bir ömür edəcək. Səhərləri yuxudan gec durmağı az deyil hələ günorta da bir 2-3 saat yatanlar var ki sanki əbədiyyətə qədər boş saatları var. “Vaxt öldürürəm” deyənlər var ki daha düşünmürlər ki vaxt onların günlərini alaraq onları öldürür. Bütün günü virtual aləmdə öz xoşbəxtliklərin facebook statuslarına gələn like-larda, instagram şəkilində dodağını uzadaraq şəkil çəkdirib 100 əlavə effekt verərək real olmasa da özünün gözəlliyinə vurulan qızlar var ki təbiətin onlara bəxş elədiyi real gözəllikləri görməkdən özlərini məhrum edirlər. Siz axı bilirsiz ki vaxtınız limitlidi. Bəs niyə onu heç tükənməyəcəkmiş kimi sağa sola boşuna xərcləyirsiz? Qocalıq vaxtında ama “imkanım olsaydı zamanı geri qaytarıb vaxtımı daha xoşbəxt keçirərdim” deyənləri də az görmədim.

Odur ki vaxt elə indidir, elə bu andır. Heç kimin qəlbini qırmayın, heç kimi incitməyin. Xoşbəxt olmaq istəyənlərin yolunda dayanmayın, heç kimin paxıllığın çəkməyin və hər gün malik olduqlarınızdan doya doya zövq alsanız inanın ki pis zənnə qapılmağa, şübhələrlə yaşamağa, nələrəsə görə narahat olmağa heç vaxtınız da olmayacaq. Gələcək üçün isə narahat olmağa dəyməz. Hər şey Ali Qüvvənin əlindədirsə, sən etməsən O etməyəcəkmi? Allah istəsə sən istəməsən də olmayacaqmı? Sən əlləşib vuruşmasan Allah yetirməyəckmi? Sən bir yaxşılıq eləsən Allah sənin 10 arzunu yerinə yetirməzmi? Ən azından hər gün hələ də sağ və sağlam olduğumuza, görə və eşidə bildiyimizə, dadlardan zövq aldığımıza və suyu içib susuzluğumuzu yatıra bildiyimizə, oksigeni ciyərlərimizə rahat rahat çəkə bildiyimizə, ac olmadığımıza və əzizlərimizin sağ və sağlam olduğuna şükr etməli və sevinməliyik. Bu xırda detalların bizim üçün nə qədər əhəmiyyətli olduğun onları itirmədən anlamalıyıq ki doya doya həyatımızdakılardan zövq alaq və daha da gözəllərini yaşayaq.

Bura qədər oxuduğunuz üçün təşəkkür edirəm :) 

Həvəsiniz olsa bu kitabı oxuyun və ya ən azından əsərin əsasında çəkilmiş filmə baxın ki həyatınızın qədrini biləsiniz.


Filmin adı : "Now is good" (Сейчас самое время )



Fidan Həbibli.   12sindən 13ə keçən gecə Avqust, 2016

Friday, 5 August 2016

Mən xoşbəxtəm! Kitabdan sitatlar.

Hörmətli izləyici. Artıq bloqumda oxuduğum kitablar və onlar haqqında fikirlərim də bundan sonra geniş yer alacaq. Maraqlandığınız kitablar və ya məsləhət biləcəyiniz müəllif və romanlar varsa aşağıdakı rəylərdə (comments) öz fikrinizi yazmaqda ürəkli olun :)


Bugün hələ də oxuduğum bir kitabdan bəzi çox bəyəndiyim qeydləri yazmaq istəyirəm. 1 həftə əvvəl Natalia Pravdina adlı müəllifin bir kitabını oxudum. Kitab mənə çox gözəl və fərqli bir təsir bağışladı. Düzdü, bu tip kitablar çox oxumuşam və buna misal olaraq Joseph Murphy, Ronda Byrne, Natalia Pravdina, Napaleon Hill, John Kehoe, Joe Vitale və s. misal göstərə bilərəm. Amma bu kitab çox axıcı bir dildə yazılmış və məlumatlar digər sevdiyim müəlliflərin fikirlərini daha gözəl ifadə etmişdir. Mənim çox sevdiyim və 30a yaxın kitabını oxuduğum filosof Joseph Murphy-nin bir növ ardıcılı olaraq Natalia Pravdina Sankt Peterburqda böyüyüb başa çatdığına görə bizim ölkənin psixologiyasına daha yaxın formada yazır. Kitabda ən bəyəndiyim nüanslardan bəzilərini bura qeyd kimi götürmək istəyirəm.
1.       Allah bizləri xoşbəxt yaşamaq və həyatdan həzz almaq üçün yaratmışdır.
2.       Bizim hər birimiz əlçatmaz və çox güclü bir mənbədən yararlanırıq. Vacib olan o gücü dərk etmək, ona tərəf addımlamaqdır.
3.       İstənilən əlçatmaz arzuların çin olması mümkündür.
4.       Gözəl şeylər və qiymətli əşyalar görən zaman “niyə bunlar mənim deyil” deyə özünüzü acı fikirlərlə yükləməyin! Sevinin! Sevinin ki bunlar var. Uğura nail olan insanlara paxıllıq etməyin, onlara xeyir dua verin.
(P.s. - Burda müəllifin qeyd etmək istədiyi gözəl bir nüans var: paxıllıq. İnsan övladının sanki qanında var bu hiss və həqiqətən bu hiss çox mənfi, neqativ və insanın özünü məhv edə biləcək dağıdıcı bir hissdir. İnsan paxıllıq hissinə qalib gələ bilərsə içində çox rahat bir abu hava yaranar ki onun həyat enerjisini, sağlamlığını və gözəlliyin artırar. Paxıllıq elədiyiniz insana dua eliyin. Çox çətin olsa da ama ona hədiyyələr bağışladığınızı düşünün, fikrən özünüzü ondan azad edin. Sizdə də Allahın yaratdığı bir çox şeylər var ki başqalarında yoxdur, buna görə də şükr edin.)
5.       Sizə verilən hədiyyəni heç vaxt pisləməyin, sizə deyilən komplimentləri qəbul edin və sizə “bugün çox gözəl görünürsüzüz” deyilərkən əvəzində “yox nə danışırsınız? Bugün çox yorğunam, saçım səliqəsizdir, bu paltarı 100 ildir geyinirəm” deməyin. Nə zaman sizə bunu desələr o zaman gülümsəyin və təşəkkür edin.
6.       “Qara gün” üçün pul ayırmayın, yoxsa doğurdan da o gün gələr. Ondansa pullarınızı xeyrli şeylərə invest edin.
7.       Yeniliyin üzünə açıq olun. Həyatınızda hər hansı yerni bir adam görünməyə başlasa, ondan dərhal qaçmayın. Bəlkə o sizə tamamilə gözləmədiyiniz yeni imkanlar yaratmaq üçün sizə göndərilib. Ona tərəf birinci addımı siz atın.
8.       Tezliklə böyük yeniliklər tələb etməyin! Deməyin ki pozitiv düşüncə işləmir. Buna müəyyən vaxt lazımdır. Bu mütləq baş verəcək, nə vaxt baş verməsi isə müəyyən faktorlardan asılıdır. Ona görə inamlı olun və sizdə hərşey alınacaq!
9.       Qəlbinizdə təkcə öz uğurunuza görə sevinməyin, həm də başqalarının uğurlarına sevinməyi öyrənin!
10.   Xoşbəxtlik hissi sizin ən dərində olan arzularınızın həyata keçməsinə, onun boy atmasına kömək edir.
11.   Öz çevrənizə xoşbəxtlik, sevinc və sülhpərvərlik enerjisi yayımlayın. O zaman uğur özü sizi tapacaq.
12.   NƏYİN HAQQINDA DÜŞÜNÜB DAŞINIRIQSA TƏZƏDƏN QÜVVƏTLƏNMİŞ HALDA ÜSTÜMÜZƏ QAYIDIR.
13.   Özünüzdə sevinc dünyası qurun və onu müdafiə edin. Ruhunuzun gücünə inanın. Öz duruşunuza və üzünüzün ifadəsinə diqqət yetirin. Öz bədəninizə qulluq edin və onu sevin. Həmişə parlaq və gülərüz olun ki uğur sizi tapsın.
14.   Xoşbəxt olmağa çalışmayın, xoşbəxt olun! “Mən xoşbəxt olmaq istəyirəm” deməyin elə indicə xoşbəxt olun!
15.   Mənim xoşbəxtliyim Allaha olan sevgim qədər hüdudsuzdur!

Qeyd edim ki kitabı hələ bitirməmişəm. Bu kitabın bir hissəsi idi, digər yarısından olan qeydlərimi növbəti yazımda ətraflı şəkildə sizlərə çatdıracağam.
Enjoy the life! :)

Fidan Həbibli.  05 Avqust 2015

Thursday, 4 August 2016

Mən sənin qanında olum...

Gözümü yumub bir an istədim yanında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Yaradan bəxş eləyib gör nə cür cahanı mənə,
Qıydı zərif bədənə verdi imtahanı mənə,
Çox görmə sən əzizim cismindəki canı mənə,
O canı qanıma qat qoy hər an yanında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Varlığın fəxrimdir, isminsə başımın tacı
Hər sözün cana məlhəm, eşqin dərdimin əlacı,
Sənsiz saatlar qəhər, olsa da zəhərdən acı
İçirəm yoxluğunu qoy dəli divanən olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Həsrətin həyatımda acılarımın ən şirini
Saxlaram ürəyimdə sənə məxsus şah yerini
Versədə yüzlər mənə sarayların min birini
Almadım, istədim ki viran sarayında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Saxlayıb günlərimin səninçün ən gözəlini,
Gözlədim illər boyu həyatımın özəlini,
Saymıram mən ömrümdən sənsiz keçən əzəlimi,
Qoy sənin həyatında qönçə bir fidanın olum,
Sən mənim qanımda ol, mən sənin canında olum...

Gözümü yumub bir an istədim yanında olum,
Sən mənim canımda ol, mən sənin qanında olum...


Fidan Həbibli,  01 Avqust 2016