Thursday, 4 August 2016

Mən sənin qanında olum...

Gözümü yumub bir an istədim yanında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Yaradan bəxş eləyib gör nə cür cahanı mənə,
Qıydı zərif bədənə verdi imtahanı mənə,
Çox görmə sən əzizim cismindəki canı mənə,
O canı qanıma qat qoy hər an yanında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Varlığın fəxrimdir, isminsə başımın tacı
Hər sözün cana məlhəm, eşqin dərdimin əlacı,
Sənsiz saatlar qəhər, olsa da zəhərdən acı
İçirəm yoxluğunu qoy dəli divanən olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Həsrətin həyatımda acılarımın ən şirini
Saxlaram ürəyimdə sənə məxsus şah yerini
Versədə yüzlər mənə sarayların min birini
Almadım, istədim ki viran sarayında olum,
Sən mənim qanımda ol, mən sənin canında olum.

Saxlayıb günlərimin səninçün ən gözəlini,
Gözlədim illər boyu həyatımın özəlini,
Saymıram mən ömrümdən sənsiz keçən əzəlimi,
Qoy sənin həyatında qönçə bir fidanın olum,
Sən mənim qanımda ol, mən sənin canında olum...

Gözümü yumub bir an istədim yanında olum,
Sən mənim canımda ol, mən sənin qanında olum...


Fidan Həbibli,  01 Avqust 2016





No comments:

Post a Comment