Monday, 11 January 2016

Yazılmamış əsərimdən bir parça... (Fəsil 1 - Hyde Park)


Hyde Park-da, insanlardan uzaqda bir ağac tapıb söykənərək yerdə oturdum. Ən xoşuma gələn o idi ki heç kim mənə baxmırdı, başıma qara kapişonumu qoymuşdum deyə bəlkə də məni oğlan bilirdilər qəribə yerişimnən, hörüyümü görüncəyə qədər.

Oturub Bakıda yazdığım gündəliyimi çıxartdım. Gündəlik də deməzdim, dualar, özümə olan sözlərim, Allahla olan söhbətlərim, qurduğum məqsədə gedən yol xəritələri, gündəlik edəcəyim əməllər və s. Hamısın Bakıda ora yazırdım. Onu özümlə parka götürməkdə məqsədim var idi, özümə bura gəldiyim yolu xatırlatmaq. Çünki insan uğurunu tez unudur, hər şey tez adiləşə bilir onunçun. Vaxtıyla nələr çəkdiyim, nə əzablara qatlaşdıqlarım və hətta anamın mənə çəkdirdiyi əzabları belə unutmuşdum. Eric Thomas-in bu barədə mənalı bir cümləsi var “Your success is damaging you”. (Sənin uğurun səni zədələyir) Bu indi məndə həqiqətən belədi. Sanki 1 ildi qaçırdım, geridəydim və sonda finish`ə çatmışam həm də qaliblər arasında və indi oturub dincəlirəm. Amma halbuki bir finish o biri yarışın start-ı olmalıdı əgər daha da uzağa getmək istəyirsənsə.

Dəftəri açan kimi sanki evimizin abu havasın hiss etdim, nəmişlik çəkən otağımızın qoxusu gəldi mənə. Amma darıxdım, bilmirəm niyə o otağı istədim birdən birə. Nə də olmasa doğmadı mənə, kasıb da olsa, şəraitsiz də olsa, anamla eyni otaqda yatmış olsaq da məhz o otaqda gələcəyimin xəyalların qurmuşdum, məhz o otaq məni Allahıma yaxın eləmişdi. İndi isə həmin o xəyallara qovuşmuşdum, və bir vaxtlar bu yerlərdə olmağımın xəyalını qurduğum o otağı istədim neyçünsə. Bəlkə də məni güclü eliyən elə o çətin şəraitim idi ki indi məndə yoxdu deyə bu qədər həvəssizəm.. Bəlkə də elə Bakı kəndinin özü idi mənim motivasiya mənbəyim. Zibilliyin içində olanda ordan çıxmaq üçün daha çox çapalıyırsan nəyinki xəzinənin. İndi mən zibillikdən xəzinəyə düşmüşəm və bu dəqiqələrimin dadını çıxartmaq və bura qədər çəkdiyim əziyyətlərin bəhrəsindən faydalanmaq, mükafatımdan zövq almaq üçün ətalətdəyəm indi.

Mənim sıxıntımın özüdü rahatlığım. Əgər mən sakitəmsə, danışmıramsa demək rahatam, əgər gülüb zarafat eliyirəmsə demək yaxşı deyiləm. Çünki məni mən eliyən elə ağrılarım olub, mən acı çəkəndə əsl mənəm, güləndə süni olduğumu özüm hamıdan ilk sezirəm və insanlar da duymasın deyə hamıdan uzaqlaşıram. Mən təklikdə mənəm, çünki danışmağa, gülməyə, kiminsə maraqsız söhbətlərinə maraqlıymış kimi süni reaksiya verməyə məcbur olmuram. Mən özümlə baş başa qalanda dərk etdiklərimi analiz elədikcə zənginləşirəm, insanların boş boş, mənim dərindən bildiklərimi mənə ağız dolusu öz başa düşdükləri 1 armudu stəkan həcmində olan dərrakələri ilə başa saldıqları zaman isə vaxt itkimə heyfslənirəm.

Odur ki illərdi təkliyimə sarıldığım qədər heç uşaqlıqda anamın qucağına sarılmamışam. Artıq insanlar yanımda olanda mənə yük kimi gəlir, tez ordan uzaqlaşmaq və yenidən öz aləmimə, dünyama qovuşmaq istəyirəm. Hətta realda görmək və danışmaq arzusunda olduğum insanla olanda belə ondan uzaqlaşıb xəyalımda onunla danışmaq istəyirəm. Dəli deyiləm, qəti. Sadəcə insanların beynimdə onlar haqqında yaratdığım obrazı asanlıqla korlaya biləcəyindən əmin olduğum üçün onları xəyal dünyamda “dondurmaq” və arzu etdiyim kimi təsəvvür eliyərək xəyalən etdiyim söhbətlərdən daha çox zövq almaq istəyirəm. Çünki insanlar məndən nəyi alsalar da xəyallarımı ala və ya korlaya bilməzlər, bəlkə də bu dünyada sahib olduğum tək şey də elə xəyallarımdı...
Dəftəri oxuya oxuya özümdən biixtiyar gözümnən yaş axırdı. Yaxşı ki bura Bakı deyil və heç kim mənim nə işlə məşğul olduğumla maraqlanmırdı. Oxuduqca bir vaxtlar heç bir ümid yerim olmayan, sadəcə arzu və əlçatmaz xəyal bildiyim Londonda idim indi. İstədiyim azadlığım və arzuladığım Universiti əldə eləmişdim. Ən əsası, uşaqlıqdan arzuladığım, 2 böyük kumirlərimin (“Spice Girls” və “David Backhem”) şəhərindəydim.

Yazdıqlarımı oxuyub çox təsirləndim. Qulağımda da “Hero’s Journey” epic musiqisi ürəyimi yandıran odun üstünə biraz da benzin tökürdü sanki. Təsirlənmənin kuliminasiya nöqtəsinə çatdım, çünki yazımda da artıq triumfa çatdığım yerə gəldim. Sevincim, darıxmağım, sıxıntım, fərəh və qəmginliyim, hamısı bir birinə qarışmış müxtəlif rənglər kimi gözümün qabağına gəlirdi və mən sanki təbiətə deyil gözümün qabağındakı rənglərin musiqiylə yaratdığı ahənginə tamaşa eliyirdim ki birdən çox titrədiyimi hiss elədim. Hava qaralmağa doğru gedirdi və mən soyuq torpağın üstündə olduğumdan soyuğu tez hiss elədim. Üşütmə keçdi bədənimnən, bəlkə də bu soyuqdan çox hisslərimin yaratdığı bir üşütmə idi. “Bu qədər silkələnmək bəsdi” deyib qalxdım ayağa. Evə getmək istəmirdim amma soyuqda da dayanmaq pis təsir eliyirdi. Təxmini yolu tanıyırdım ama bilmirdim hara gedib çıxır. Bel çantam çox ağır idi, kitabla doldurmuşdum ki guya gündəliyi oxuyannan sonra oturub kitab oxuyacaqdım. Amma beynimdəki fikirləri daşımaq ondan da ağır gəlirdi mənə. 1 illik təhsil müddətindən sonra yenidən zibilliyə qayıtmaq qorxusu, anamın ağır sözləri, və ən əsası hələ də arzuladığım tam ali məqsədimə çatmamağım. Düşünə düşünə “Eminem – Through the fire” track-ini dinləyirdim. O zalım da sanki bütün replərini mənim həyatıma həsr eliyib ki dinlədikcə cızdağım çıxsın. Artıq hava qaralmışdı və evə getmək istəyi gəlirdi yavaş yavaş. Bu məndə sanki kəndimin mühiti və ata anamdan qalmış yadigar bir psixoloji hədiyyədi ki hava qaralanda avtomatik evdə olmaq refleksi yaranır. Və gözüm metro axtarmağa başladı. Naviqasiyaya baxdım, ən yaxın metro “Victoria station” idi o da sən demə elə solumdaymış. Yolu keçib girmək istədim metroya ama nəsə ayaqlarım gəlmirdi dalımca. Yolu keçdim amma “Bura Bakı deyil, biraz da təkliyinlə qal” dedim özüm özümə. Çanta ağır idi deyə belim ağrıyırdı. Kürəyimdən çıxardıb özüm də divara söykənərək yerə oturmaq istədim. Burda bu çox adi və normal qarşılanan Bakıda isə yalnız dilənçilərə xas formanı alıb yarı sallağı şəkildə oturdum. Başımda qara kapişon üzümün yarısın tutmuşdu, və hava qaranlıq olduğundan da üzüm çox güman tam aydınlığı ilə seçilmirdi. Adamlar da həddindən artıq çox, və qayğısız rahat şəkildə, kimisi əlində gül, kimisi sevgilisi ilə qol boyun, kimisi siqaret çəkərək, kimisi taksidən düşüb harasa gedirdi. Bir bir özümü onların yerinə qoyurdum və sanki onların həyatlarını yaşayırdım. Hətta qollarında tatu olan çox sərbəst şəkildə siqaret çəkə çəkə telefonla gəzən bir qızın həyatına daxil oldum, onun sərbəstliyini hiss elədikcə damarımda qanım donurdu rahatlıqdan, heç çıxmaq istəmirdim o obrazdan, çünki çıxıb öz bədənimə və həyatıma qayıdanda ruhum özümə nifrət eliyirdi. Amma çox maraqlıdı ki insanlar da mənə baxırdılar. Hətta yanında qızla gedən oğlanlar belə dönüb gözünü çəkmədən baxa baxa keçirdilər. Öz özümə fikirləşdim yəqin deyirlər ki “yazıq qız bu gənc yaşdan dilənçilik eliyir”...

Həm getmək və həm də orda o formada səhərə kimi qalmaq istəyirdim və heç bir səbəb götürüb özümü orda nə saxlaya bilmirdim nə də gedə bilirdim. Cismim getmək istəyirdi ama ruhum dartıb orda saxlayırdı. Birdən üzbəüzdəki binaya baxdım. Hansısa şirkətin binası idi. Bina tam şüşədən idi deyə içəridəki yanan işıqlar ofisləri tam aydınlığı ilə əks elətdirirdi. Bakıda belə hər dəfə bu tip ofislərin yanından keçəndə ayaq saxlayıb özümü orda, hansısa bir komputerin qabağında oturub, qara yubka və ağ köynəkdə, gözündə eynək ciddi ciddi işlə məşğul olan təsəvvür eliyirdim. Və indi də eyni obrazı Londonda, o binadakı stolların birinin arxasında gördüm.. 

Amma...

Kim bilir, indi divara söykənən bu cılız insan bir gün Steve Jobs, ya Oprah Winfrey və ya Diana kimi əfsanələrdən olub tarixə düşəcək? Niyə də yox? Hər şey axı insanın özündən asılıdı. Onlar da ətdən, sümükdən, dəridən ibarət insanlar olub. Sadəcə özlərinin bu həyatda yaranmaq məqsədlərini tapıb və var gücü ilə ona tərəf irəliləyiblər. Budur həyatda ən böyük uğur. Yaranma səbəbini icra etmədikcə özünü küçələrdə, şəhərlərdə, kitablarda, filmlərdə, musiqilərdə axtaracaqsan daim, tapmadıqca boşluq içində sadəcə xəyal edərək gəzəcəksən. Və bir metronun tunelinə düşəcək qədər çətin olacaq xəyallardan ayrılıb metronun səni real ünvanına çatdıracağını qəbul eləmək...


 
Fidan Habibli

Sunday, October 19, 2014




No comments:

Post a Comment