Sunday, 10 January 2016

Sən “SƏN” olacaqsan! (2014, London)

Öyrənəcəksən bu həyatda tək qalmağı,
Hər dəfə yıxılınca, özün tək ayağa durmağı öyrənəcəksən!
Təklikdə bütövləşəcəksən,
Yaşayacaqsan..
Yaşlanacaqsan...
Kimsədən asılı olmamağı öyrənəcəksən!
İstər maddi, istər mənəvi, istər cismani.
Sahib çıxacaqsan özünə
Kimsələrə əzdirməyəcəksən mənliyini
Çox istəyib bildirməyəcəksən,
Darıxacaqsan amma gizlədəcəksən
Gizlənəcəksən hərdən hamıdan
Qaçacaqsan özün özündən bəzən
Sındıracaqlar qəlbini sən yumşaq görününcə,
Yapışdırıb yenə sən olacaqsan
Baxdığın, toxunduğun hər şey
Gəzdiyin, gördüyün hər yer çirkab olsa da,
Sən təmiz qalacaqsan!
Qoymayacaqsan zəmanə səni də özünə oxşatsın
Sən “SƏN” olacaqsan!
Dəyişməyəcəksən nəyəsə, kiməsə görə.
Sənin paxıllığını çəkənlərə,
Sənin yıxıldığını görmək istəyənlərə
Sən xoşbəxtlik arzulayacaqsan!
Səni incidənlər, ağladanlar üçün
Sən dua edəcəksən!
Hər şeyə rəğmən qəlbini pak saxlayacaqsan!
Ağlayacaqsan, hönkürəcəksən,
Dərdini səmalara açacaqsan
Amma sıxıntını heç kimə bildirməyəcəksən!
Ya bir yazı yazacaqsan,
Ya şəkil çəkəcəksən.
Alınmasa da edəcəksən, sırf sakitləşməkçün.
İçindəki əzabları materiallaşdırıb sənətə çevirəcəksən
Amma bunu heç kimə bildirməyəcəksən.
Zamanla aldanacaqsan yenə
İnandıracaqlar sevdiklərinə
Amma əzizlərinə, qohumlarına belə inanmayacaqsan!
Bel bağlamayacaqsan heç kimə
Sarılmaq istəsən dizlərinə sarılacaqsan,
Danışmaq istəsən kölgənlə, güzgüdəki əksinlə danışacaqsan!
Möhkəmliyini göstərdikcə əzəcək səni həyat
Sən yenə sabahlarına inamla gözləyəcəksən!
Güləcəksən!
Bütün olanlara rəğmən
Yenə güləcəksən...
Səni ağladanların üzünə güləcəksən!
Gülüşünü onlara sədəqə edəcəksən!
Səni anlamayanları sadəcə seyr edəcəksən,
Yaxınlaşmayacaqsan, danışmayacaqsan cahillərlə.
Sağalacaq yaraların
Sən gücləndikcə daha güclülərlə üzləşəcəksən
Qarşına yeni cəbhələr çıxacaq
Eyni zamanda bir neçə cəbhəylə vuruşacaqsan
Tək başına..
Öyrənəcəksən müxtəlif qüvvələrə qarşı tək çıxmağı
Bəzən tapdalıyıb keçəcəklər səni...
Var gücləriylə əzəcəklər...
Ağrılarından ruhun canından çıxmaq istəsə də
Təslim olmayacaqsan!
Yaralarına basıb biraz da möhkəmlənəcəksən!
Gözlərin qan ağlasa da
Ürəyin “təslim ol” desə də,
Hər şeyini itirsən də mübarizələrdə
Bir tək imanını, inamını itirməyəcəksən!
Yaradan dayağın, dualar silahın olacaq
Və sən sonda qalib çıxacaqsan.
Səni məhv etmək istəyənləri
Sən əhv edəcəksən..
Arxada buraxıb hamını və hər şeyi
Arxana baxmadan çıxıb gedəcəksən meydandan qalib kimi!..
Və sən “SƏN” olacaqsan
bir nümunə kimi..
Rəqiblərin belə səninlə fəxr edəcək
Heç kimə nifrət eləmədən yaşayacaqsan
Yaşlanacaqsan.. və,
Öyrənəcəksən bu həyatda tək qalmağı!
Özün iki ayağın üstə başını dik tutub
Qalxmağı öyrənəcəksən!...


Fidan Həbibli

\to the music
Melody in my head (Rene Osmanczyk)



18 Oktyabr 2014

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete